Casusluqda ittiham edilmiş güneyli məhbus aclıq aksiyası keçirir
- توضیحات
-
نوشته شده توسط Super User
İnsan haqları və İran Azərbaycanı ilə bağlı məlumat yayan veb səhifələrə istinadən, məhkum olduğu 10 il sürgündə həbs cəzasını İranın Bəluçistan vilayətində çəkməkdə olan Qoşaçaylı məhbus İrəc Məhəmmədi zindan məmurlarının hücumuna məruz qaldıqdan sonra aclıq aksiyasına başlayıb.
İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, oktyabrın 3-də zindanın təhlükəsizlik məmurları ümumi bölmədə saxlanılan məhbuslara hücum edib. Hücümdan sonra məmurların basqısına etiraz edən İrəc Məhəmmədi zindanın karantin bölməsinə köçürülüb və orada aclıq aksiyasına başlayıb.
Güney Azərbaycan Televiziyası (Günaz TV) güneyli məhbusun məmurların hücumu nəticəsində ağır xəsarət aldığını bildirir.
Hüquq müdafiəçilərinin nəşr etdiyi hesabata əsasən, İrəc Məhəmmədi 2007-ci ilin oktyabr ayında Qərbi Azərbaycan vilayətinin Xana (Piranşəhr) şəhərində təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alındıqdan sonra işgəncə altında 8 ay sorğu-suala çəkilib.
İnternet qəzetləri onun pantürkizm və casusluq ittihamı ilə Qərbi Azərbaycan vilayətinin hərbi məhkəməsində mühakimə edildiyini yazıb.
Həmin məlumata əsasən, Azərbaycan türkü İrəc Məhəmmədi Azərbaycan kürdlərindən olan Məhəmməd Əmin Aquşi və Əhməd Poladxani ilə birlikdə öncə edama məhkum edilib, amma daha sonra ali məhkəmənin edam hökmünü ləğv etməsi ilə onlar 10 il sürgündə həbs cəzası alıblar.
Günaz TV Məhəmmədinin həbsdən öncə, türk dilli jurnallarla əməkdaşlıq etdiyini və Urmiyə şəhərində işlətdiyi kitab mağazasında türkcə kitablar satdığını qeyd edib.
Təbrizdə Uyğurlara dəstək mitinqinə qatılanlara həbs cəzası verilib
- توضیحات
-
نوشته شده توسط Super User
İyul ayının 10-da İran Azərbaycanında təşkil olan “Doğu Türküstan türklərinə dəstək” mitinqlərinə qatılan türk fəallar Rəsul Rəzəvi, Hüseyn Rəxşanikiya və Sevindik Lütfi 6 ayı qəti və 6 ayı şərti olmaqla bir il həbsə məhkum ediliblər.
İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi fəalları “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti” aparmaqda ittiham edərək onlara bir il həbs cəzası verib.
Uyğurlara dəstək mitinqi - Təbriz, 10 iyul 2015Uyğurlara dəstək mitinqi - Təbriz, 10 iyul 2015
Həmin məlumata əsasən, Təbrizli fəallara qarşı əlavə olaraq “əhalinin zehnində təşviş yaratmaq” ittihamı da irəli sürülüb. İnqilab Məhkəməsi ikinci ittiham üçün başqa bir məhkəmə təşkil olunacağını qeyd edib.
İyul ayının 10-da İranın bütün vilayətlərində Qüds günü münasibəti ilə İsrailə qarşı keçirilən ənənəvi yürüşlərlə eyni zamanda İran Azərbaycanı mitinqlərində bir qrup türk fəal əllərində plakatlar və “Doğu Türküstan” bayraqları ilə Uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə isə etirazlarını nümayiş etdirdilər.
Bu mitinqlərə qatılan bir neçə fəal polis qüvvələrinin müdaxiləsindən sonra nəzarət altına alınıb bir neçə gündən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.